SOCAR-a işə qəbul ilə əlaqədar dələduzluğa qarşı xəbərdarlıq!
Müxtəlif şəxslər, fırıldaqçı şirkətlər və ya onların nümayəndələrinin SOCAR adından saxta iş təklifləri təqdim etmələri haqqında faktlara əsaslanaraq vətəndaşları bu tip dələduzluqlara qarşı diqqətli olmağa çağırırıq!

SOCAR-a işə qəbul ilə əlaqədar dələduzluq nədir və necə həyata keçirilir?Aşağıdakıları bilməyiniz tövsiyə olunur:Dələduzluq reallığa uyğun olmayan uydurma iş imkanlarının təklif edilməsi və işə qəbul etmək haqqında vədlər verilməklə müəyyən miqdarda ödəniş tələb olunması ilə müşayiət olunan cinayət işidir və bu əməli törədənlər Azərbaycan Respublikasının Cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilə bilərlər:

Bu kimi dələduzluqlar telefon, e-poçt, saxta veb-səhifələr kimi onlayn xidmətlər vasitəsilə həyata keçirilir və işə qəbul edilmək vədi verilməklə ayrı-ayrı şəxslərdən onlara aid şəxsi məlumatların, bank hesab rekvizitlərinin və ya müəyyən pul vəsaitinin təqdim edilməsi tələb olunur.

Aşağıdakıları bilməyiniz tövsiyə olunur:

  • SOCAR-da İşə qəbul prosesində namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün ödəniş və ya bank hesab rekvizitləri tələb edilmir

  • SOCAR-da mövcud olan vakansiyalar ancaq şirkətin (http://careers.socar.az) və onun struktur bölmələrinin veb-səhifələrində, həmçinin “İki Sahil” qəzetində elan edilir

  • Müəyyən fırıldaqçı şəxslər namizədlərin əvəzinə SOCAR-ın korporativ veb-səhifəsinin “Karyera” bölməsindən elektron müraciət formasını doldurur və formanın müvafiq xanalarında vətəndaşın deyil, öz əlaqə nömrələrini qeyd edir ki, bütün mərhələlər haqqında məlumat onların e-poçt ünvanı və ya mobil nömrələrinə göndərilsin və bu məlumatlar müqabilində namizədlərdən müəyyən ödəniş tələb etsinlər ki bu da yol verilməz cinayət işidir.


  • Elektron müraciət formasının özünüz doldura bilmədikdə, bu işi ən etibarlı şəxlərə həvalə edərək, öz mobil nömrənizin və elektron poçt ünvanınızın qeyd olunmasından əmin olun
  • SOCAR-da namizədlərə işə qəbul müsabiqəsində iştirak etmədən: test imtahanı və fərdi müsahibələrdən və ya peşə sınaq imtahanından keçmədən heç bir iş təklif oluna bilməz

  • Test və müsahibə və ya peşə sınaq imtahanları yalnız SOCAR-ın İnsan Resursları Departamentinin inzibati binsaında (Ş.Mirzəyev küç.32 a ünvanında) və ya İnsan Resursları Departamenti tərəfindən müəyyənləşdirilmiş başqa istehsalat sahələrində (ünvanları imtahandan 2-3 gün əvvəl SOCAR-ın İnsan Resurlsarı Departamenti vasitəsilə namizədlərin telefon nömrələrinə və e-poçt-larına bildiriş şəklində göndərilir) keçirilir İmtahanlarda mütləq İRD-nin səlahiyyətli nümayəndəsi də iştirak edir.

  • Şəffaflıq və obyektivlikdən əmin olmaq üçün Baş ofisin İnsan Resursları Departamentinin nümayəndəsinin imtahanda özünü təqdim etməsini tələb edin. Sizə SOCAR adından iş təklifi ilə müraciət edən tərəflərin ünvanı, tutduğu vəzifə və telefon nömrələrini yoxlamağınızı tövsiyə edirik. Bütün əlaqələr SOCAR-ın İşə qəbul və yerləşdirmə şöbəsinin rəsmi e-poçt ünvanı olan hr@socar.az və ya (012)-521-15-82 şirkət nömrələri vasitəsilə həyata keçirilir
    Əgər şübhəli zəng (xüsusi ilə də mobil nömrələrdən) və ya yahoo.com, gmail.com tipli ödənişsiz hesablardan e-poçt vasitəsilə məlumat almısınızsa, güman edə bilərsiniz ki, bu şəxslər və ya şirkətlər saxta iş təklifi və ya xidmət təqdim edirlər. Belə hallarla rastlaşdığınızda dərhal hüquq mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur (Onlardan aldığınız bütün yazışmaları və zəng olunan nömrələrin qeydiyyatını saxlamaq şərti ilə)
    Bundan əlavə, sizdən şəxsi məlumatın təqdim edilməsi tələb olunursa və bu müraciətin qanuni olmasından şübhə edirsinizsə və ya hər hansı bir şəxs və ya şirkət tərəfindən təqdim olunan iş təklifinin düzgün olub-olmamasını yoxlamaq istəyirsinizsə, hr@socar.az e-poçt ünvanı vasitəsilə bizə müraciət etməyinizi xahiş edirik.